Kişinin bəzi xüsusiyyətləri ailəyə ciddi ziyan vurur. Onlardan biri həyat yoldaşına əziyyət verməkdir. Qadın öyrəşdiyi həyat tərzini, öz ailəsini buraxaraq ərinin evinə köçür və burada hər şey onun üçün yenidir. Xanım yeni evində sevgi ilə qarşılaşmalıdır. Əgər onun sevgisi qarşılıqsız olarsa, gec və ya tez bu sevgidən əl çəkər və ailə ocağı soyumağa başlayar.
İmam Əli (ə.s) buyurub: “Qadınlar sizin yanınızda olan Allahın əmanətidir. Ona görə də onlara ziyan vurmayın və onlarla pis rəftar etməyin”.
Pis əxlaq, həmçinin ailəyə ziyan verir. Kobud xasiyyətli insanlar başqalarına əziyyət verərlər və ailə üzvlərinin həyatını cəhənnəmə çevirərlər. Adətən, bu insanların çoxu pis insanlar deyil və başqalarına bilmədən əziyyət verirlər.
İmam Rzanın (ə.s) yanına bir nəfər gəlir və qızına elçi gəldiyini söyləyir. Lakin oğlanın tünd və kobud xasiyyəti olduğunu bildirir. İmam (ə.s) buyurub: “Qızını ona ərə vermə”.
Ciddi problemləri yaradan xüsusiyyətlərdən biri də simiclik və tədbirsizlikdir.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən mənfur insan o kəsdir ki, ailəsinə simiclik edər”.
Təzə ailə qurmuş gənclərin öz yaşayış ehtiyaclarını (mənzil, məişət xərcləri, övladların xərcləri və s.) ödəmək çətin olur. Bir tərəfdən isə qadın ərinin onunla daha çox vaxt keçirməsini istəyir. Əlavə olaraq, kişinin dini və ictimai məsuliyyətləri var. Bu məsələyə kişi baxdığı üçün, onun məsuliyyəti daha çox olar. Bu təqdirdə ailəni çətin vəziyyətdən çıxarmaq kişinin qərar vermək qabiliyyəti nəticəsində mümkündür. İmam Əli (ə.s) buyurur: “Həyatın bəlası – tədbirsizlikdir”.
Bir çox ailələrdə müşahidə olunur ki, kişilər bir qadınla ailə qurandan sonra ondan sıxılır və müxtəliflik axtarırlar. Bu zaman kişi dinindən sui-istifadə etmiş olar. Heç bir səbəbi olmadan arvadına təlaq verər. Bu iş Allah yanında ən mənfur əməldir.
İmam Baqir (ə.s) buyurur: “Allah çox təlaq edən və müxtəliflik axtaran kişilərə nifrət edər”.
Kişinin qeyrəti imanındandır. Lakin yersiz qeyrət və lazımsız qısqanclıq göstərmək də ailənin dağılmasına səbəb olar.
İmam Əli (ə.s) buyurub: “Qadınlara qarşı yersiz qeyrət göstərməkdən çəkinin ki, o, sağlam bir qadını yanlış tərəfə və iffətlini günah düşüncələrinə çəkər”.